Ulu Öndər Heydər Əliyevin sevdiyi bədii əsərləri sən də kəşf et. Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Hüseyn Cavid yaradıcılığından, həm də “Molla Nəsrəddin” jurnalından bir çox nümunələr seçilib Azərbaycan, rus, ingilis və türk dillərinə tərcümə edilərək ümumilikdə 190-dan artıq audiofayl hazırlanıb. Layihə çərçivəsində “Molla Nəsrəddin” jurnalının ilk 100 nəşrinin “EPUB” formatında elektron kitabları yaradılıb. Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri audiopyes, Hüseyn Cavidin əsərləri isə rəqəmsal komikslər və qısa xronometrajlı animasiya filmi şəklində təqdim edilmişdir.
2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə Qarabağ mədəni irsinə töhfə verən ədiblərin yaradıcılığından seçmə əsərlər səsləndirilərək audiofayl formatında hazırlanmışdır. 10 müəllifin 108 əsəri Azərbaycan, türk, rus, ingilis və fransız dillərində səsləndirilib. Eləcə də Qarabağın mədəni irsi və ədəbi mühiti haqqında 4 dildə podkast hazırlanıb. Əhməd bəy Ağaoğlunun Şuşa haqqında xatirələrinə, Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” hekayəsinə dair komikslər və animasiyalar da ərsəyə gətirilmişdir. Əsərlərdən, həmçinin biri audiopyes formatında Azərbaycan dilində səhnələşdirilib. Layihə çərçivəsində bütün müəlliflərin peşəkar rəssam tərəfindən portretləri də çəkilmişdir.
Dahi Nizami Gəncəvi yaradıcılığından olan seçmə əsərləri sən də kəşf et. Şedevr nümunələr Azərbaycan, fransız, türk, ingilis və rus dillərində dil daşıyıcıları olan peşəkar aktyorlar tərəfindən səsləndirilərək audiofayl formatında hazırlanıb. Əsərlər hər dilə müvafiq ölkələrdə yerləşən səsyazma studiyalarında qeydə alınmışdır. Bu topluda ümumilikdə 5 dildə şeirlər, poemalar daxil olmaqla 120 audiokitab mövcuddur. Seçilmiş əsərlərin üz qabıqları isə peşəkar rəssam tərəfindən işlənilib hazırlanmışdır. Əsərlərdən ikisi komiks və animasiya formatında təqdim olunur. Layihə çərçivəsində fon musiqisi isə Kenoud tərəfindən udla səsləndirilib.
Azercell olaraq “Audiokitab” layihəsi çərçivəsində tariximizin qəhrəmanlıq səhifələrindən birini özündə əks etdirən və dəyərli nümunələrdən olan “Koroğlu” dastanının qollarını Azər Qəribin ifasında audio və video formatda təqdim etmişik. Layihənin gedişatında dastan üçün yeni musiqi bəstələnib və hər qola müvafiq illüstrasiyalar çəkilib.
İmadəddin Nəsimi intibah ədəbiyyatının görkəmli nümayəndəsidir. Bu platformada onun yaradıcılığını ətraflı şəkildə kəşf etmək fürsəti təqdim edilir. Şairin seçmə əsərləri Azərbaycan, ingilis və rus dillərində dil daşıyıcıları olan peşəkar aktyorlar tərəfindən səsləndirilərək audiofayllar şəklində hazırlanıb. İngilis dilində səsləndirilən əsərlər Böyük Britaniyada, rus dilindəki parçalar isə Rusiya Federasiyasında yerləşən studiyalarda yazılıb. Bu layihə çərçivəsində ümumilikdə 3 dildə 150 audioparça mövcuddur.