get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell sosial şəbəkələrdə liderliyə görə yenidən “Socially devoted” sertifikatına layiq görüldü

calendar 30.11.2013

Azərbaycan mobil bazarının lider şirkəti - Azercell Telekom MMC artıq üçüncü dəfədir ki, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından bu ilin I rübü üçün “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2014-cü ilin I rübündə Azercell-in bu göstəricisi 97% bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanmışdır.

Qeyd etmək istəyirik ki, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur.

Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Twitter şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, Azercell-in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.

Bununla bərabər, Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu Twitter şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün Azercell həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.