get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

calendar 15.07.2016

 

Üç il bundan əvvəl Azərbaycanda vətəndaşların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin və dövlət qulluqçularının elektron xidmətlərdən istifadəsini asanlaşdıran mobil elektron imza sistemi – “Asan İmza” tətbiq olunmağa başladı. 2013-cü ilin iyulundan etibarən işə düşən bu xidməti mobil nömrə vasitəsilə əldə etmək mümkün oldu.

 

Asan İmza dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni qazandırır, rəqəmsal şəkildə hər kəsin öz şəxsiyyətini təsdiq edərək istifadə edəcəyi əməliyyatları imzalamağa imkan verir.

Azərbaycanda bu xidmətdən ilk olaraq Azercell abunəçiləri istifadə edə bildilər. Çünki mobil operatorlar arasında ilk olaraq məhz Azercell “Asan İmza” sisteminə qoşulmuşdu. Bu müddət ərzində minlərlə Azercell abunəçisi “Asan İmza”nı əldə etməklə bu xidmətin üstünlüklərindən yararlanıb.

 

Bu xidmət 3 illik müddət ərzində aktiv olduğundan artıq “Asan İmza” sertifikatları və nömrələrini yeniləməyə ehtiyac yaranıb. Odur ki, “Asan İmza” xidmətindən davamlı şəkildə yararlanmaq üçün xidmətdən istifadə müddətinin növbəti 3 illik müddətə artırılması və sertifikatların yenilənməsi tələb olunur.

 

Vətəndaşlar “Asan İmza” xidmətinin müddətini artırmaq üçün Azercell müştəri xidmətləri mərkəzlərinə, eləcə də, Azercell Ekspres ofislərinə müraciət edə bilərlər. Azercell həmişə olduğu kimi bu xidmətdə də asan prosedur təklif edir. “Asan İmza” sahibi “Azercell” müştəri xidmətlərində yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni SİM kart əldə edir və müvafiq ödəniş müqabilində yenidən xidmətə qoşulur. Daha sonra isə yeni sertifikatı əldə etmək üçün “ASAN Xidmət” mərkəzlərinə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etmək gərəkdir.

 

Qeyd edək ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün xidmətin 3 illik qiyməti 18 AZN, yeni SİM kartın təqdim olunması 3.54 AZN təşkil edir. Asan İmza SIM-kartı həm mövcud, həm də yeni nömrələrdə fəaliyyət göstərə bilər. Digər tərəfdən, Azercell Fakturalı xətt sistemlərinə aid nömrələrlə yanaşı, fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrin abunəçiləri də “Asan İmza” xidmətinə qoşula bilərlər.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.