get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

"Haqqin.az" portalındakı məqaləyə təkzib

calendar 19.06.2017

“Haqqin.az” xəbər portalının

redaktoru Eynulla Fətullayevə

Hörmətli Eynulla Fətullayev,

 

“Haqqın.az” portalında 14 iyun 2017-ci il tarixində Elnur Məmmədovun müəllifliyi ilə “Скандальное увольнение в Azercell: в аферу замешаны и суды” başlığı altında əvvəldən sona qədər iftira və yalan xarakterli yazı dərc edilmişdir.

 

Yazıda sabiq əməkdaşımız Həzrət Əlimirzəyev ilə aramızda olub-bitmiş işə bərpa mübahisəsi və hal-hazırda davam edən pul tələbi üzrə sonuncunun iddiası barədə məlumatlar təhrif edilərək hallandırılmış, həqiqətə uyğun olmayan hallar yazının mətnində vurğulanmış, barəsində müzakirə təşkili cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, ictimai fiqur olmayan və işdə yol verdiyi ciddi pozuntulara görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında işdən qovulan keçmiş işçi ilə Azercell arasında ixtilafın mövcudluğu qalmaqallı şəkildə buna heç bir əsas olmadan sensassion şəkildə oxucuya təqdim edilmişdir.

 

İlk növbədə qeyd edilməlidir ki, dövlətimizin adından qəbul edilmiş, qanun qüvvəsini almış və istisnasız olaraq hər kəsin, o cümlədən jurnalistin hörmət etməli olduğu yekun məhkəmə qərarı ilə Həzrət Əlimirzəyevin əmək müqaviləsinə xitam verilməsi prosesinin qanuniliyi və bu prosesin Azercell tərəfindən qanunvericiliyə riayət edilərək rəsmiləşdirilməsi öz təsdiqini birmənalı olaraq tapmışdır. İşin halları ilə “janqlyorluq” etməklə yekun qiymət verilmiş faktların yenidən müzakirəyə çıxarılmasını bizi əbəs polemikaya cəlb etmək üzrə provokativ addım, ən əsası isə ədalət mühakiməsinə  hörmətsizlik və jurnalist etikasının ciddi surətdə pozulması hesab edirik.

 

Digər tərəfdən hesab edirik ki, sabiq əməkdaşımız Həzrət Əlimirzəyevin pul tələbi üzrə iddiası barədə məhkəmə mübahisəsi yekunlaşmadığından, davam edən məhkəmə prosesinin mətbuatda əsassız olaraq şişirdilmiş formada işıqlandırılması jurnalistin çəkinməli olduğu addımdır. Hesab edirik ki, yazının “stili” və mülahizələri fakt kimi təqdim etmək üzrə qeyri-peşəkar cəhdlər ədalət məhkəməsinə təsir, məhkəmə prosesinin məhkəmə iclas salonundan mətbuat səhifələrinə daşımaq niyyəti daşıyır və tərəflər arasındakı münasibətlərə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə aydınlıq gətirilməsi amalını daşıyan prosesə təzyiq alətidir. Təəssüf ki, portal qorumalı olduğu obyektivliyi əldən vermiş və yalnız bir tərəfin mənafeyinə uyğun fikir formalaşdırmağa istiqamətlənmiş, bununla da ədalət mühakiməsinə kölgə salmaq üzrə “sifarişçinin” planını icra etmişdir.

 

Əgər portal obyektivliyi qoruyub saxlamağa cəhd etsə idi, onda sadə axtarış üsulları ilə müəyyən edə bilərdi ki, Azercell cəlb edildiyi predmeti iki rəqəmli olan mübahisələrdən yeddi rəqəmli mübahisələrə qədər işlərin heç də hamısında qalib olan tərəf olmamışdır. Belə olan halda yazıda  “СУДЬЯcell” ifadəsinə yer verilərək Azercelli “dumanlı” ittiham hədəfinə çevirmək, onun işgüzar nüfuzuna xələl gətirmək, ən əsası isə buna heç bir əsas olmadığı halda ədalət mühakiməsinin həyata keçirilməsinə kölgə salmaq ən azı qeyri-peşəkarlıq və jurnalist etikasının pozulması, ən pis halda isə artıq qeyd etdiyimiz kimi məhkəmə prosesinə təsir etmək cəhdləridir.

 

Təəssüf ki, portal göstərilənlərin heç birini nəzərə almamış və oxucunu çaşdıran ifadələrdən istifadə etmiş, jurnalistin peşə etikasına uyğun olan peşəkar davranış modeli ilə bir araya sığmayan qərəzli və sifarişli mövqe göstərmişdir.

 

Yekunda isə qeyd etmək lazımdır ki, Həzrət Əlimirzəyev ilə əmək münasibətlərinə xitam verilməsi haqqında qərar,  sonuncunun işlədiyi şöbədə  dünyanın ən tanınmış audit şirkətlərindən biri tərəfindən keçirilmiş audit yoxlamasının nəticəsində aşkar olunmuş ciddi pozuntular əsasında verilmişdir. Maraqlıdır ki, müəllif başdan-başa iftiralar və tamamilə təhrif edilmiş faktlarla dolu yazısında nə belə bir auditin keçirilməsi, nə də onun nəticələri haqqında bir kəlmə belə yazmamışdır və ya yazmaq istəməmişdir. Belə hesab edirik ki, müəllifin bu cür birtərəfli, qərəzli və açıq-aşkar subyektiv mövqeyi ya onun qeyri-peşəkarlığından, ya da ki, Həzrət Əlimirzəyevə olan hədsiz “rəğbətindən” irəli gəlir.

Göstərilənlərə əsasən yazıda təsvir edilənləri əsassız və qərəzli hesab edirik, yuxarıda qeyd edilənləri “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, hazırkı təkzibi “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə riayət etməklə  şərhlər vermədən, heç bir dəyişiklik etmədən olduğu kimi portalda dərc edilməsini və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi tələb edirik. 

 

Hörmətlə,

 

“Azercell Telekom” MMC-nin

Korporativ Ünsiyyət şöbəsinin rəhbəri

 

 

 

Nigar Şıxlinskaya