get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən yeni layihələr

calendar 26.02.2016

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi uğurlu fəaliyyətini davam etdirir. Mərkəz 2016-cı ildə də yeni və maraqlı layihələr təqdim etməyi planlaşdırır. Artıq yeni ilin ilk aylarında bu layihələrdən bəziləri həyata keçirilib.  Bu günlərdə “Sumaks” şirkətinin hazırladığı “Avtomaks” cihazının təqdimatını keçirən mərkəz bununla Azərbaycanda ilk  dəfə olaraq  avtomobillərin təhlükəsizliyini təmin edən yerli məhsulu təqdim etdi. Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. “Avtomaks” qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Mərkəzin dəstəklədiyi maraqlı işlərdən biri də WOWOMAN: “Tech-tech khanim” layihəsidir. WOWOMAN: Tech-Tech Xanım Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılan layihədir. Qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan bu layihə xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminarların, kursların və tədbirlərin təşkil olunması ilə məşğul olur. Artıq layihənin ilk mərhələsi başa çatıb və Microsoft təlimlərini keçən qalib xanımlar mükafatlandırılıblar. Fevralın 27-də ikinci mərhələsi başlayacaq layihə çərçivəsində yalnız xanımlar İT sayəsində təlimlərə qatılacaq və bir çox şirkətin İT mütəxəssisləri tərəfindən maarifləndiriləcəklər. Təlim keçən mütəxəssislər sırasında Azercellin Məlumat Xidmətləri bölümünün rəhbəri Ramin Orucov da var.

Artıq üç ildir ki, yerli sahibkarlar üçün dünyaşöhrətli “Seedstar World Competition” yarışması keçirilir və  50 ölkədən qatılan gənclərə özlərini texnologiyalar sahəsində sınamaq imkanı yaradılır. Azercell Telekom MMC-nin dəstək verdiyi  “Seedstars World” inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir. Azərbaycanda keçirilən yarışmada qalib gələn gənclər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanıblar.

Barama İnnovasiya Mərkəzi və Azercellin Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırovun sözlərinə görə, fəaliyyətə başladığı gündən ölkədə təhsilin inkişafına böyük dəstək göstərən mərkəz bu gün də bu istiqamətdə uğurlu layihələrə imza atır. “Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  ilə gələcək əməkdaşlıq barədə danışıqlar gedir.  Eyni zamanda, Barama  magistr proqramı çərçivəsində təhsil alan gənclər üçün üçün “Təhsil.Online” və gənc proqramçılar üçün  təlim və yarış xarakterli “ Barama HackDayy 2016” layihələri üzərində çalışır. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi eyni zamanda burda çalışan gənclər üçün mütəmadi olaraq xüsusi təlimlər keçirir, onların bilik və təcrübələrini artırmağa çalışır. Mərkəzdə çalışan gənc sahibkarların inkişafına yönəlmiş “Digital Marketing” üzrə təlim də bu baxımdan xüsusi qeyd olunmalıdı” deyə İmran Bağırov qeyd edib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.  

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz     

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.