get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in xanım nümayəndəsi beynəlxalq konfransda İKT-nin qadınların həyatındakı rolunu vurğuladı

calendar 30.11.2014

Aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində “İKT-də xanımlar günü” (Girls in ICT Day”) Azərbaycanda qeyd olunub. Bu gün münasibətilə “İKT-nin qadınların həyatındakı rolu” mövzusunda ADA Universitetində konfrans keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədovun da iştirak etdiyi konfrans “Femmes Digitales - Azərbaycan İKT xanımları klubunun” təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan İKT xanımları klubu” yaradılıb və bu qurumun əsas məqsədi xanımların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına dəstək olmaqdır. Qadınların İKT sektorunda iştirak səviyyəsinin yüksəldilməsini hədəfləməklə, konfransın keçirilməsində məqsəd Azərbaycanda İKT sektorunun qadınların işlə təmin olunmasında uzunmüddətli perspektivlər vəd etdiyinə dair məlumatlılığın artırılması, milli səviyyədə rəqəmsal iş yerlərinin yaradılmasını hədəfləyərək dövlət və özəl sektorları arasında səmərəli əməkdaşlığın dəstəklənməsi və  iştirakçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsidir. ADA Universitetində baş tutan konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan İKT Xanımları Klubunun nümayəndələri iştirak edib. Azercell Telekom MMC-ni bu konfransda şirkətin Texnologiyalar departamentinin Transmissiya şəbəkəsi bölümünün rəhbəri və Proseslərin İnkişafı üzrə konsultant vəzifələrində çalışan, bundan öncə Azercell-in Texnologiyalar Departamentinin direktoru vəzifəsini icra edən əməkdar mühəndis Xavər Babazadə təmsil edib. Xavər Babazadə konfransda “İKT-də qadınların rolu” mövzusunda çıxış edib. Məlumat üçün bildirək ki, Azercell-də 3G, 4G şəbəkələrinin qurulması, metro stansiyalarında Azercell abunəçilərinin danışa bilməsi, Eurovision-2012 tədbiri boyu kəsintisiz şəbəkənin təmin edilməsi məhz bu xanımın rəhbərliyi altında aparılan işlərin nəticəsində mümkün olub. Xavər Babazadə çıxışında getdikcə daha çox xanım mütəxəssislərin İKT sahəsinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom ölkəmizdə bu sahədə ekspert kadrların yetişdirilməsinə hər zaman dəstək olub. Ölkəmizdə İKT istiqamətində öz nailiyyətləri ilə tanınan əməkdar mühəndis Xavər Babazadənin Azercell-də keçdiyi karyera tarixçəsi xanımların bu sahədə uğur qazanmasına ən gözəl nümunə olmaqda davam edir. 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.