get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell daha iki jurnalisti Londonda təhsil almağa göndərir

calendar 08.10.2015

Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi Jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. Oktyabrın 7-də keçirilən mətbuat konfransında Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev də qatılaraq bu layihənin KİV nümayəndələrinin ingilis dili biliklərinin inkişafına kömək etdiyini və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olduğunu vurğuladı və növbəti illərdə də ingilis dili kurslarının davam edəcəyinə ümid etdiyini söylədi.

Sonra bu il ingilis dili kursunu uğurlu başa vuran 73 jurnalistə sertifikatlar təqdim olundu. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verildi. Bu il Londona səfər edəcək qalib jurnalistlər ATV telekanalının əməkdaşı Səma Əhmədova və “Palitra” qəzetinin müxbiri İlkin Ağayev oldu.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Azercell şirkətinin dəstəyilə İngilis dili kurslarına növbəti qeydiyyat isə oktyabrın 8-dən başlayır. Qeydiyyat üçün media nümayəndəsi şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış və dərc olunmuş son üç məqaləsini Kaspi Təhsil Şirkətinə təqdim etməsi tələb olunur. Son qeydiyyat tarixi 21 oktyabrdır. 

 

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib.  Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.