get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

calendar 30.11.2014

Hər zaman abunəçilərini sərfəli kampaniyalarla sevindirən Azercell Telekom Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza”ya cari ilin 10-31 may tarixləri ərzində qoşulmanın ödənişsiz olacağını elan edir. Belə ki, hazırda “Asan İmza” xidmətinin aktivləşdirilməsi üçün təyin edilmiş məbləğ 18 AZN təşkil edir və qeyd edilən tarixlərdə Azercell abunəçiləri mobil operatora müraciət edərək bu məbləği ödəmədən “Asan İmza” xidmətini aktivləşdirə biləcəklər. Sözügedən kampaniyanın keçirilməsi may ayında ölkə üçün əlamətdar olan mühüm tarixləri – Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü və Respublika Gününü qeyd edəcək həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmaq məqsədini  daşıyır. 

 Hal-hazırda dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin cəmləşdiyi Elektron Hökumət portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər. “Asan İmza”nın köməyilə vətəndaşlar kütləvi istifadə üçün nəzərdə tutulmuş bir sıra elektron xidmətlərdən asanlıqla və operativ şəkildə faydalana bilərlər – belə ki, əvvəlki dövrlərdən fərqli olaraq heç bir quruma fiziki olaraq müraciət etmədən vətəndaşlar şəxsiyyət vəsiqəsi, yaşayış yeri, iş yeri və diplom haqqında arayışları elektron şəkildə formalaşdıra və lazımi instansiyaya təqdim edə, məktəblilər təhsil aldıqları təhsil müəssisəsi barədə elektron arayışı əldə edə, eləcə də adına stasionar telefon nömrəsi rəsmiləşdirilmiş şəxslər rabitə xidmətlərinə görə borcun olmamasına dair arayışı formalaşdıra bilərlər.

“Asan İmza” avtomobil sahibi olan şəxslər üçün də tam yeni və rahat xidmətlər vəd edir. Belə ki, “ASAN Xidmət” tərəfindən istifadəyə verilmiş “Asan Ödəniş” portalında sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə bilərlər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə “Asan Ödəniş” sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

Gələcəkdə də Azercell-in abunəçiləri üçün “Asan İmza” ilə mümkün olan bu cür rahat və ictimai həyat üçün mühüm əhəmiyyət kəsb edən vacib elektron xidmətlərin siyahısı davamlı olaraq genişlənəcək və mobil imza xidməti gündəlik həyatın daha çox sahəsinə nüfuz edərək vətəndaşların rahatlığına daha yaxından xidmət edəcəkdir.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.