get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “Asan İmza” xidməti çərçivəsində endirimləri davam edir

calendar 30.11.2014

Ilk dəfə olaraq ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom tərəfindən təqdim olunan “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaq istəyən abunəçilər üçün endirimli tariflər davam etdiriləcək. 30 aprel 2015-ci il tarixində “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair güzəştli kampaniyanın müddətinin bitməsinə baxmayaraq, xidmətin populyarlığını nəzərə alaraq, bu xidmətlə bağlı tariflərin kampaniya bitdikdən sonra əvvəlki səviyyəyə qalxmamasına qərar verilmişdir.

Beləliklə, 1 may 2015-ci il tarixindən etibarən bütün “Asan İmza” istifadəçi qrupları üzrə (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS-in qiyməti isə 0,03 AZN təşkil edəcək.

Xatırladaq ki, “Asan İmza” xidmətinə qoşulma haqqı vətəndaşlar üçün 30 manat, hüquqi şəxslərin nümayəndələri üçün 154 manat, dövlət qulluqçuları üçün isə 80 manat təşkil edirdi. Ötən ilin 16 may tarixindən etibarən qüvvədə olmuş kampaniya çərçivəsində qoşulma haqqı hər üç istifadəçi qrupu üzrə 18 manata endirilmişdir.

Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

“Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən vətəndaşlarımız üçün daha bir həvəsləndirici aksiyanın keçirilməsi nəzərdə tutulur. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək. Aksiyanın başlanma tarixi və müddəti barədə yaxın zamanlarda əlavə məlumat veriləcək.

Azercell hər kəsi öz “Asan İmza”sını almağa  və ölkədə mövcud olan 500-dən artıq müxtəlif elektron xidmətlərdən asanlıqla faydalanmağa dəvət edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.