Press-relizlər

  • 30-01-2017

    Barama layihələri AWITA 2017 mükafatını qazandı

    Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurları davam edir. Mərkəzin 2 layihəsi Azərbaycanda ilk dəfə təqdim edilən “Femmes Digitales — Azerbaijani Women in IT Club”-ın (AWIC) təşkilatçılığı ilə “Azerbaijan Women in IT Award — AWITA 2017” mükafatına layiq görülüb. Aytac Ağabəyli və Gunay Abdullayevanın təsis etdiyi “TechSos” layihəsi “İlin startapı” nominasiyasında, “Wowoman TechTech xanim” layihəsi isə  "İT Sahəsində ilin qrupu / İT təhsil Proqramı /İT Təhsil Layihəsi” nominasiyasında qalib adını qazanıb. 15 mükafatlandırma kateqoriyası üzrə seçilən qaliblərin təltifat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub. Qeyd edək ki, qalibləri müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu peşəkar münsiflər heyəti seçib. 

    “Azerbaijan Women in IT Award — AWITA 2017” mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir. Tədbir qadınların texnologiya sahəsində əldə etdikləri uğurların və tətbiq olunan innovasiyaların nümayişi, yeni vəzifə modellərinin müəyyənləşdirilməsi və İT sektorunda təsiredici qüvvəyə malik tərəflər arasında şaxələndirmə ilə bağlı gələcək dialoqların təşviqi vasitəsi ilə həyata keçirilir. 

    Məlumat üçün bildirək ki, Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES  təşkilatı 2014-cü ildə təsis edilib. Təşkilatın yaradılmasının məqsədləri sırasında İKT sahəsində müxtəlif dövlət və özəl qurumlarda, həmçinin ictimai sahədə çalışan qadınları bir araya gətirmək, bu istiqamətdə onları maarifləndirmək, eləcə də bu fəaliyyət sahəsində günü-gündən inkişaf edən Azərbaycan xanımlarının karyera yüksəlişi səylərini artırmaq yer alır.

     

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    

    Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.