Əksər insanların mobil telefonların və mobil şəbəkənin təqdim etdiyi bütün xidmətlərin aktiv istifadəçisi olmasına baxmayaraq bəzi insanlar baza stansiyaların fəaliyyətinin sağlamlıq üçün fəsadlarından narahatdırlar. Bununla əlaqədar olaraq, mobil rabitə, baza stansiyaları və radiotezliklər, onların insan sağlamlığına təsiri haqqında ətraflı məlumat vermək istərdik.
Şanvari rabitə sistemi nədir?
Mobil rabitə şəbəkələri “şan” adlanan coğrafi sahələrə bölünür ki, onların hər birinə baza stansiyası xidmət göstərir. Mobil telefonlar şəbəkə ilə rabitənin abunə kanalıdır. Sistem elə planlaşdırılıb ki, istifadəçilər bir şandan digərinə hərəkət etdikcə, mobil telefonların şəbəkə ilə daimi əlaqəsi təmin olunur. Əlaqə yaratmaq üçün mobil telefonlar və baza stansiyalar bir-biri ilə radiosiqnal mübadiləsi aparırlar. Şəbəkənin qənaətbəxş işləməsi üçün bu siqnalların səviyyəsi əsaslı surətdə optimallaşdırılır.
Şanvari rabitə sistemi necə işləyir?
Mobil telefonlar Mobil telefon işə salınan zaman, o, yaxınlıqda yerləşən baza stansiyaların müəyyən siqnallarına cavab verir. Şəbəkədə telefonun təhkim olunduğu ən yaxın baza stansiyası tapıldıqda, əlaqə yaranır. Sonra isə, istifadəçi zəng etmək və ya zəngi qəbul etmək istəyənə qədər telefon, arabir şəbəkə ilə rabitəni yeniləyərək, fəaliyyətsiz qalır. Mobil rabitə şəbəkəsinin əlavə aspekti ondan ibarətdir ki, danışıq zamanı istifadəçi hərəkət etdikcə, şəbəkə rabitə seansını bir baza stansiyasından digərinə ötürmək qabiliyyətinə malik olmalıdır. Bu proses “seansın ötürülməsi” adlanır – şəbəkə tam mənası ilə seansı bir baza stansiyasından digərinə ötürür və bu, maneəsiz və abonentlərə dəyişikliklər haqqında xəbərdarlıq edilmədən həyata keçirilir.
RBS
Mobil telefonlar baza stansiyalar olmadan işləyə bilməz. “Azercell”in baza stansiyalar şəbəkəsi bizə imkan verir ki, əhatə dairəsini daha da genişləndirək, habelə video-zənglər, internet və s. xidmətləri tətbiq edə bilək. Baza stansiyaların ötürdüyü elektromagnit dalğanın güc səviyyəsi tələb olunan sahədən və ya əhatə dairəsini təmin edən “şan”dan asılı olaraq dəyişir. Adətən binadan kənarda yerləşən baza stansiyasının ötürücüsünün gücü bir neçə vattdan 100 vatta qədər diapazonda dəyişə bilər, Azercell-in istifadə etdiyi stansiyalarda ötürücülərin gücü indiyədək maksimum 32 vatt olmuşdur, hal-hazırda isə bu rəqəm 20 vatt-ı aşmır; eyni zamanda daxili baza stansiyaların ötürücü gücü daha aşağı olur.
Baza stansiyası bir neçə müxtəlif komponentdən ibarətdir: avadanlıq üçün bölmə, daha yaxşı əhatə zonasının, dayağın və ya dirəyin yuxarısında, yaxud bəzi hallarda binanın özü lazımi hündürlüyü təmin etdikdə, binaların damında yerləşən qəbuledici-ötürücülərin və antenaların lazımi hündürlüyünü təmin edən dayaq və ya dirək. Antenaların eni adətən 15-30 sm, uzunluğu isə, çalışma tezliyindən asılı olaraq, bir neçə metrə qədər ola bilər. Bu antenalar radiotezlik (RT) elektromaqnit enerjisini (həm də radiodalğa adlandırılır) dəstələrlə buraxır. Bu dəstələr şaquli (uzununa) istiqamətdə nazik, üfüqi istiqamətdə (eninə) isə olduqca genişdirlər.
Bununla əlaqədar olaraq bilavasitə antenanın altındakı yer səviyyəsində RT enerjisi çox aşağıdır. Bir qayda olaraq, baza stansiyanın antenasından hətta bir neçə metr məsafəyə uzaqlaşdıqca, RT gücü azalır, intensivlik səviyyələri beynəlxalq hədlərdən çox aşağıdır. Mobil şəbəkənin funksionallığını təmin etmək üçün antenalar adətən müəyyən hündürlükdə yerləşdirilir və zəruri hallarda hasara alınır, yaxud bilavasitə baza stansiyasına yaxın sahəyə giriş yalnız səlahiyyətli işçi heyətin daxil olması barədə məlumat verən digər vasitələrlə məhdudlaşdırılır. Bu tədbirlər nəticəsində baza stansiyaların ətrafında RT-nin ümumi səviyyəsi beynəlxalq təhlükəsizlik tələblərinin hüdudlarında olur.
Radiotezlik və onun insan sağlamlığına təsiri
Radiodalğalar radioşəbəkələrdə məlumatların ötürülməsi üçün istifadə olunur. Beynəlxalq aləmdə tanınmış, müstəqil “İonlaşdırmayan Şüalanmadan Mühafizə üzrə Beynəlxalq Komissiya” (ICNIRP) RT-şüalanmanın cəmiyyətin bütün üzvlərinə təhlükəsiz təsir səviyyələrini müəyyən edən əsas prinsipləri nəşr edib. Əldə olunan nəticələrə əsasən, baza stansiyaların və simsiz şəbəkələrin RT siqnallarının təsir səviyyələri o dərəcədə aşağıdır ki, onlar insan sağlamlığına təsir etmir. Yaxın günlərdə aparılan təhlillər göstərmişdir ki, ictimai yerlərdə (məktəblər və mağazalar daxil olmaqla) baza stansiyaların və simsiz texnologiyaların RT siqnallarının təsiri, bir qayda olaraq, beynəlxalq normalardan min dəfələrlə aşağıdır. Faktiki olaraq, RT siqnallarının bərabər səviyyədə təsiri zamanı insan orqanizmi radioqəbuledicinin və televizorun aşağı tezliyi ilə əlaqədar olaraq, onların RT-dən beş dəfə çox siqnal udur, nəinki baza stansiyasından. Bu, onunla izah olunur ki, RT radioyayımda (1ooMHzə qədər) və televiziya yayımında (təxminən 300-400MHz) istifadə edilən tezliklər mobil telefon rabitəsində (900MHz və 1800MHz 2G üçün, 2100 MHz isə 3G üçün) istifadə olunan tezliklərdən aşağıdır. Eyni zamanda, radioyayım və televiziya yayımı stansiyaları 50 ildən artıqdır ki, fəaliyyət göstərir və bu vaxt ərzində onların sağlamlığa hər hansı mənfi təsiri aşkar olunmayıb.
Səhiyyə aspektləri
ICNIRP-nin əsas prinsipləri beynəlxalq səviyyədə geniş surətdə qəbul edilmiş və təhlükəsizlik standartlarına çevrilmişdir. Rəhbər prinsiplər mobil telefonlara, həmçinin baza stansiyalarının sahələrinə tətbiq olunur və RT-şüalanmanın sağlamlığa təsirinin bütün mövcud nəticələrindən mühafizə üçün yüksək təhlükəsizlik səviyyələrindən ibarətdir. ICNIRP-nin təyin etdiyi səviyyədən aşağı təsir zamanı sağlamlıq üçün məlum mənfi təsir halları mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə nəticəyə gəlmişdir ki, mövcud sübutlar aşağı gücə malik elektromaqnit sahələrin sağlamlığa hər hansı təsirinin mövcudluğunu təsdiq etmir. Mobil telefonlardan və baza stansiyalardan RT-şüalanmanın sağlamlığa təsiri barədə ÜST-ün gəldiyi nəticələr rəsmi milli və beynəlxalq orqanlar tərəfindən yaradılan bir çox ekspert şuralarının rəylərinə əsaslanır. Həmin şuralar son 10 il ərzində dərc edilən elmi ədəbiyyatı nəzərdən keçirmiş və ICNIRP-nin müəyyən etdiyi təsir hədlərində mobil telefonlardan və baza stansiyalardan RT-şüalanmanın təsirinin insan sağlamlığı üçün hər hansı mənfi nəticəyə gətirib çıxarması ilə bağlı ağlabatan və ya inandırıcı sübutların olmaması barədə yekdil fikrə gəliblər.
![]() |